Mayın 8-də Gəncə şəhərində uyğunlaşdırılmış binada fəaliyyət göstərən Xocalı rayon Xankəndi şəhər Natiq Şahmuradov adına 6 nömrəli Kərkicahan qəsəbə tam orta məktəbinin və Kərkicahan qəsəbə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Şuşanın müdafiəsi uğrunda döyüşlərdə şəhid olan Şahmuradov Natiq Əmirxan oğlunun, Şahmuradov Namiq Əmirxan oğlunun, Səmədov Gündüz Hidayət oğlunun və Abbasov Elxan Kamran oğlunun anım günü münasibətilə tədbir keçirildi. Tədbirdə ictimaiyyət nümayəndələri, qəsəbə sakinləri, şəhid ailələri və məktəblilər iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə qəsəbədə şəhidlərimizin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzdülər. Kərkicahan qəsəbə klubunda davam edən tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Dövlət Himnimiz səsləndirildi. Daha sonra çıxışlara yer verildi. Tədbirdə çıxış edən Kərkicahan qəsəbə məktəbinin direktoru Arzu Hacıyeva, şəhid Natiq və Namiq Şahmuradov qardaşlarının bacısı, şəhid Zeynalov Tahir Bahadur oğlunun həyat yoldaşı, ehtiyyatda olan polis polkovniki-leytenantı Təranə Şahmuradova, şəhid Natiq Şahmuradovun həyat yoldaşı Sevinc Quliyeva, Xocalı rayon İHB-nın Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyev, Qarabağ Regional Təhsil İdarəsinin Xocalı və Xocavənd rayonları üzrə təhsil sektorunun metodisti Aliyə Abışova, Qarabağ Regional Təhsil İdarəsinin Xocalı və Xocavənd rayonları üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Nəcəf Həsənov, Xocalı şəhər 1 saylı tam orta məktəbin tədris işləri üzrə direktor müavini Aydın Həsənov, Kərkicahan qəsəbə ağsaqqalı Hacı Rəsulov şəhidlərimizin həyat və döyüş yolundan danışdılar. Çıxışlarda Kərkicahan camaatının torpağa bağlı, mübariz və döyüşkən olduqları vurğulandı. Bildirildi ki, Vətən Müharibəsində döyüşən oğullar qəhrəman döyüşçülərimizin şərəfli döyüş yolunu layiqincə davam etdirdilər. İndi şəhidlərimizin ruhları şaddır. Ona görə ki, Qarabağ, onun incisi Şuşa azaddır. Tədbirin sonunda məktəblilər vətənpərvərlik ruhunda şeirlər söylədilər və bədii kompozisiya nümayiş etdirdilər. Qeyd edək ki, 1991-ci ilin 28 dekabrında doğma Kərkicahan qəsəbəsinin işğalından sonra bu yurdun igid oğulları torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərini şərəflə davam etidiriblər. Şuşanın işğalı günündə dörd nəfər kərkicahanlı şəhidlik zirvəsinə ucalıb. Onlardan ikisi Natiq və Namiq Şahmuradov qardaşlarıdır. Natiq Şahmuradov Şuşa Milis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışıb. 1992-ci il dekabrın 28-də Kərkicahan kəndi ermənilər tərəfindən işğal olundu. Natiq qardaşı Namiq ilə birgə Şuşanın müdafiəsində vuruşurdular. Şuşa şəhərində yaralı polislərə yardım edir, onları hospitallarda yerləşdirirdilər. 1992-ci il mayın 8-də Şuşa ermənilər tərəfindən işğal olunduqda Natiq lazım olan dövlət sənədlərini çıxara bilmişdi. O, bu döyüşdə ən güclü hücum olan Şuşa həbsxanası istiqamətində gedən döyüşə yollandı. Son nəfəsində bircə onu edə bildi ki, Şuşa həbsxanasındakı dustaqları azad etdi. Natiq bilirdi ki, dustaqlar düşmən əlinə keçsə, onlar qətlə yetiriləcəklər. O, 20-dən çox erməni məhv etdi. 1992-ci il mayın 8-də Şuşa şəhərində şəhidlik zirvəsinə ucalan Natiqin qardaşı Namiq də elə həmin gün Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Natiq Şahmuradov Şəhidlər Xiyabanında dəfn olunmuşdur. 1 oğul və 1 qız atası idi. 1996-cı ildən etibarən Xocalı rayonu Kərkicahan qəsəbə orta məktəbi Natiq Şahmuradovun adını daşıyır. Namiq Şahmuradov Şuşada «Qarabağ» Mehmanxanasının təsərrüfat müdiri işləyirdi. Susuz qalan Şuşanı Namiq su ilə təmin edirdi. Namiq Şahmuradov Şuşanın bu ağır günündə su maşını götürmüş, ermənilər tərəfindən qorunan su anbarından Şuşaya su gətirmişdir. Namiq 1992-ci il mayın 8-də Şuşanın işğalı günü qadın və uşaqları Turşsuya çıxarıb qayıdanda idarə etdiyi maşını ermənilərin BMP zirehli maşını tərəfindən vurulmuş və Namiqin sonrakı taleyi haqqında bu günədək heç bir məlumat yoxdu. Namiq Şahmuradov itkin düşəndə Slavyan Univesitetinin II kurs tələbəsi idi. Gündüz Səmədov 1992-ci ildə kiçik leytenant rütbəsi ilə Şuşa türməsinin növbə rəisinin köməkçisi vəzifəsinə yüksəlmişdir. Gündüz Səmədov ermənilərin Şuşaya hücumunun qarşısının alınmasında böyük igidlik göstərmiş, 30-40 erməni güllələmişdir. 8 may 1992-ci ildə Şuşanın müdafiəsi zamanı xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və 10 may 1992-ci ildə Bakı şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2005-ci il tarixli 867 saylı sərəncamına əsasən Səmədov Gündüz Hidayət oğlu Azərbaycan Respublikasının «Vətən Uğrunda» ordeni ilə təltif edilmişdir. Şuşanın müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalan Kərkicahan döyüşçülərindən biri də Abbasov Elxan Kamran oğludur. O, 816 saylı Şuşa Batalyonunun 4-cü Kərkicahan rotasının döyüşçüsü olub. Elxan Şuşa döyüşlərində yüksək qəhrəmanlıq göstərmişdir.